Formula 1 üzrə Bəhreyn Qran-prisinin ilk mərhələsi təkcə “Mersedes” üçün uğursuz alınmayıb.
“Mersedes” mühərriklərindən istifadə edən digər komandalar da yarışda istədikləri nəticələr əldə etməyib. Bu mənada “Maklaren” və “Aston Martin”i xüsusi fərqləndirmək lazımdır. “Aston Martin”in rəhbəri Mayk Krak mətbuata açıqlamasında qayğılı danışıb: “Bəhreyndə “Ferrari” mühərriklərinin “Mersedes”dən öndə olduğunu gördük. Amma istənilən halda, biz ümidimizi itirmirik. “Mersedes”in mühərriklərinə diqqət yetirməzdən əvvəl öz bolidlərimizi sürətli etmək üçün çalışmalıyıq. Bizi ilk növbədə öz problemlərimiz maraqlandırır. Göründüyü kimi, rəqiblərimiz ciddi işlər görüblər” SİTATIN SONU. Yeri gəlmişkən, “Mersedes”in rəhbəri Toto Volff da problemlə üzləşdiklərini etiraf edib. O, vəziyyətdən çıxış yolu axtardıqlarını, amma hazırda onları qabaqlayan “Ferrari”nin də əməyini qiymətləndirməli olduqlarını söyləyib. Almaniya komandasının aparıcı pilotu 7 qat dünya çempionu Lüis Hemilton isə bu problemə görə həftəsonu Səudiyyə Ərəbistanında keçiriləcək yarışda da “Ferrari” və “Red Bull”dan geridə qalacaqlarını söyləyib.